Yaponiyada "Ruby Roman" çeşidindən qırmızı üzümün bir salxımı sezonun açılışında 1,4 milyon yenə, yəni 12700 dollara və ya 20590 Azərbaycan manatına satılıb.
Hafta.az-ın yazdığına görə, İşikava əyalətinin Kanazava rayonunda yetişdirilən bu növdən olan üzümün hər salxımının qiyməti ötən ilin sezon qiymətlərindən təxminən 100 min yen (910 dollar) daha bahadır.
Açılış mərasiminə qatılan market zəncirinin sahibi, Tayvandan olan iş adamı Hsieh Ming-ta "Ruby Roman" növündən olan qırımızı üzümün bir salxımına 1,4 milyon yen ödəyib. Bununla da adıçəkilən üzüm hər salxıma görə, satışa çıxarıldığı üçüncü ilində rekord əldə edib. Ming-ta deyib ki, "Ruby Roman"ı Tayvan xalqına tanıtmaq istəyir. "Fermerlərin çəkdiyi zəhməti düşündükdə, hesab edirəm ki, 1,4 milyon yen hələ azdır. Onu yetişdirənlər bundan da yüksək dəyərə layiqdirlər", - Ming-ta deyib.
"Kyodo" xəbər saytının məlumatına görə, sözügedən alış-verişdən sonra, "Ruby Roman" növündən 253 salxım üzüm satılıb.
Dənələri pin-pon topu böyüklüyündə, çox az turşuluğu və yüksək şəkər faizinə malik "Ruby Roman" üzümləri, Yaponiyada ilk dəfə 2008-ci ilin avqustunda bazara çıxarılıb.